BAKI, 18 noyabr — Sputnik. "Hazırda ölkələrin yalnız 50%-nin öz tədris proqramlarında iqlim dəyişikliyi ilə bağlı məsələlər tədris olunur. Təhsil sistemində 1,6 milyon təhsilalan var. Məqsədimiz onların hər birini iqlim dəyişiklikləri ilə mübarizədə gücləndirməkdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli paneldə çıxışı zamanı deyib.
Emin Əmrullayev bildirib ki, gəncləri iqlim dayanıqlılığı ilə bağlı qarşıdakı çağırışlara hazırlamaq üçün daha yaxşı tədris strategiyaları yaratmaq mümkündür. Onun sözlərinə görə, ekosistemləri qorumaq üçün resurslar, eləcə də STEAM təhsil proqramları tələbələrə "yaşıl enerji", davamlılıq və yeni texnologiya ilə bağlı layihələr üzərində işləməyə imkan verir:
"İqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq. Bu böhran hər bir millətə, bütün cəmiyyətə, bir sözlə, hər birimizə toxunur. Pedaqoqlar, liderlər və vətəndaşlar olaraq gələcək nəsli bu çağırışa nəzarət etmək üçün lazım olan bilik, bacarıq və dəyərlərlə təchiz etmək bizim borcumuzdur. İqlim dəyişikliyi bizim üçün uzaq bir narahatlıq deyil, bu, bir reallıqdır. Artan temperatur, dəyişən hava şəraiti və su ehtiyatları problemlərdə həllində bizə missiyamızın aktuallığını xatırladır. Bu aktuallıq bizi gələcək nəsilləri gələcəyə hazırlayaraq, iqlim təhsilini təhsil sistemimizin əsasına qoymağa sövq edir".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurrikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atıb:
"Məsələn, coğrafiya kurrikulumu standartlarımızın 25%-dən çoxu birbaşa iqlim sistemləri və davamlılıq ilə bağlıdır. Bu hərtərəfli yanaşma tələbələrimizə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.