BAKI, 18 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İyirmilik qrupunun" (G20) sammitinə gəlib. Bu barədə "RİA Novosti"nin müxbiri xəbər verib.
Naziri sammitin əsas tədbirlərinin keçirildiyi Müasir İncəsənət Muzeyinin qırmızı xalçası üzərində Braziliya Prezidenti Luis İnasiu Lula da Silva qarşılayıb.
G20 liderlərinin sammiti 18-19 noyabr tarixlərində Rio-de-Janeyroda keçiriləcək.
Xarici işlər naziri Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə sammitdə Rusiya nümayəndə heyətinə başçılıq edir. G20 liderlərinin əvvəlki görüşü 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçirilib və Rusiya nümayəndə heyətinə o zaman da Lavrov rəhbərlik edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda vildirib ki, nazir plenar iclaslarda bərabərsizlik, aclıq, yoxsulluqla mübarizə, eləcə də qlobal təsisatlarda islahatlar mövzularında çıxış edəcək. Həmçinin tədbir çərçivəsində onun bir sıra görüşləri və təmasları da var.
Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edir. Gələn il Cənubi Afrika G20-yə sədrlik edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.