COP29

Düşənbə Bakıda BMT təşəbbüsünü irəli sürür: 2025-ci il "Buzlaqların Mühafizəsi İli" olacaq

Tacikistanın Bakıdakı nümayəndə heyəti may ayında keçirilməsi planlaşdırılan buzlaqlar üzrə ilk konfransı təbliğ edir.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Düşənbə Bakıda keçirilən COP29 konfransında Dünya Meteorologiya Təşkilatı, MAQATE və YUNESKO ilə buzlaqların mühafizəsi üzrə bir sıra memorandumlar imzalayıb.
Bunu Tacikistan hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin nümayəndəsi Şaxlo Əzizbekova "Sputnik Azərbaycan"a bildirib.

"Tacikistan COP29-a "Buzlaqların mühafizəsi" mövzusu ilə gəlib. Belə ki, Prezident Emoməli Rəhmonun təşəbbüsü ilə BMT Baş Assambleyası 2025-ci ilin "Buzlaqların Mühafizəsi İli" elan edilməsi və onların mühafizəsi üçün Etibarlı fondun yaradılması haqqında qətnamə qəbul edib", - həmsöhbət qeyd edib.

Əzizbekovanın sözlərinə görə, Bakıda keçirilən konfransda Tacikistan pavilyonu gələn ilin mayında ölkədə keçiriləcək buzlaqların mühafizəsi üzrə birinci beynəlxalq konfransla bağlı maarifləndirici fəaliyyətlə fəal məşğul olur.
O, əlavə edib ki, nümayəndə heyəti onları bu tədbirdə iştiraka cəlb etməkdən ötrü COP29 çərçivəsində beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Meteorologiya Təşkilatı, BMT və YUNESKO ilə görüşlər keçirir.
Tacikistanda alternativ enerjinin inkişafı
Komitə nümayəndəsinin sözlərinə görə, respublikada su energetikası kifayət qədər inkişaf edib. Belə ki, ölkədə kiçik və iri su elektrik stansiyaları var ki, bu da istixana qazlarının tullantılarının səviyyəsini aşağı səviyyədə saxlayır.
Eyni zamanda, Tacikistanda günəş və külək enerjisi fəal şəkildə inkişaf edir. Agentliyin həmsöhbəti bildirib ki, günəş panellərinin quraşdırılması artıq aparılır, həmçinin külək elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçirilir.
Bundan əlavə, respublikada "yaşıl iqtisadiyyatın" inkişafı strategiyası yaradılıb ki, bu strategiya çərçivəsində hər bir nazirlik təsdiq edilmiş tədbirlər planına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.