BAKI, 18 noyabr — Sputnik. Xəzər dənizi regionu zəngin biomüxtəlifliyə və ekosistemə malik unikal təbii mühitidir. Bununla belə, həmin region son onilliklərdə ciddi ekoloji problemlərlə üzləşib. Xəzər dənizi regionunun üzləşdiyi əsas problemlərdən biri iqlim dəyişikliyi və onun təsirləridir. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyi və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində "İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması" mövzusunda yüksəksəviyyəli görüşdə deyib.
Nazir müavini bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə isə illik azalma həyəcanverici - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur.
Onun sözlərinə görə, UNEP tərəfindən bu yaxınlarda hazırlanmış "Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri" hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürəkkəb əlaqəyə dair kritik fikirlər təqdim edir: "Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək".
COP29 nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.