COP29

Abşeron göllərinin bərpası üzrə milli səylərə beynəlxalq dəstəyi gücləndirilir

İclasda Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər və gələcək üçün planlar təqdim edilib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. COP29 çərçivəsində Azərbaycanın milli pavilyonunda "Abşeron göllərinin bərpası: iqlim sabitliyinə və davamlı su ehtiyatlarının idarə olunmasına yol" mövzusunda müzakirələr təşkil olunub.
Tədbirdə Asiya İnkişaf Bankının ölkə ofisinin direktoru, ekologiya və təbii sərvətlər nazirinin müavini, Dünya Bankının və "Witteveen+Bos" şirkətinin, "Təmiz Şəhər" ASC-nin nümayəndələri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Müzakirələrin məqsədi Abşeron göllərinin bərpası üzrə milli səylərə beynəlxalq dəstəyi gücləndirməkdir.
İclasda Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər və gələcək üçün planlar təqdim edilib, "Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olunmasında göllərin bərpasının vacibliyi vurğulanıb.
Onlara Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsi və Zığ gölünün bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib, göllərin şəhərin həyatında mühüm rolu qeyd olunub.
Bakı şəhərinin 2040-cı ilə qədər Baş Planına uyğun olaraq hazırlanmış Abşeron göllərinin bərpası layihələri şəhərin davamlı inkişafı və ekoloji mühitinin yaxşılaşdırılmasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Göllərin bərpası, geniş yaşıllıq sahələrinin yaradılması və su ehtiyatlarının səmərəli idarə olunması layihələri Bakı şəhərinin iqlim sabitliyinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün əsas prioritetlərdən biri kimi qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.