BAKI, 17 noyabr — Sputnik. Böyük Britaniyanın York Universitetinin alimləri Tutanxamonun məşhur qızıl maskasının onun qəbrində səhvən peyda ola biləcəyi ehtimalını irəli sürərək elmi ictimaiyyətdə böyük təəssürat yaradıblar.
"RİA Novosti" bu barədə yazıb.
Professor Coann Fletçerin rəhbərlik etdiyi qrup 1922-ci ildə fironun məzarının açılması ilə bağlı arxiv sənədlərini diqqətlə təhlil edərək maskanın qadın üçün hazırlana biləcəyi qənaətinə gəlib.
Alimləri xüsusilə qədim Misirin kişi dəfn artefaktları üçün nadir olan maskanın deşilmiş qulaqları cəlb edib. Əksinə, belə detallara daha çox qadın əşyalarında rast gəlinib. Bu müşahidə maskanın Nefertitiyə aid ola biləcəyi versiyasını təsdiqləyib.
Bu nəzəriyyəni ilk olaraq on il əvvəl dilə gətirən britaniyalı misirşünas Nikolas Rivz də dəstəkləyir. Mütəxəssislər hesab edir ki, maska firon Exnatonun arvadı Nefertiti üçün hazırlanıb və hansısa səbəbdən o, səhv salına bilərdi.
Tarixçilər onu da qeyd ediblər ki, Exnatonun ölümündən sonra onun doqquz yaşlı oğlu Tutanxamon taxta çıxıb. Ölkəni isə faktiki olaraq Nefertiti idarə edib. Çox güman ki, elə o da öz məzarının tikintisinə başlayıb, lakin tikintini başa çatdıra bilməyib. Tutanxamon 19 yaşında vəfat etdikdə, onun eyni məzarda dəfn edilməsi ehtimalı var ki, bu da nəticədə dəfn əşyalarının qarışıq düşməsinə səbəb ola bilər.
Bu mühüm tapıntı qədim Misir dəfnlərinə dair təsəvvürləri və Nefertitinin Misir tarixindəki rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər.