BAKI, 16 noyabr — Sputnik. Bakı və Abşeronda yüksək gərginlikli xətlərin altında inşa olunan tikililər sənədləşdirilə bilər. Bu barədə Sputnik Azərbaycan-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. Ekspertin sözlərinə görə, artıq bir müddətdir ki, yüksək gərginlikli hava xətləri yeraltı kabellərlə əvəzlənir.
Onun sözlərinə görə, hazırda hava limanı, Zığ şossesi və 8 Noyabr prospektindəki 5 yerdə bu işlər icra olunur.
Yüksək gərginlikli xətlər yeraltı keçəcək
Qeyd edək ki, artıq Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçü rayonunun ərazisindən keçən və Hava Limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində movcud olan yüksək gərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri "Azərenerji" tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir. Bu barədə "Azərenerji" ASC məlumat yayıb. Qurumun yaydığı məlumata görə, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirirdi. Bununla yanaşı 90 il bundan əvvəl tikilən və istismar müddətini dəfələrlə keçən 110 kilovoltluq "Ramana" yarımstansiyası da sökülərək tam rəqəmsal formada yenidən qurulur.
İstismar müddətini keçən, eyni zamanda artan tələbatı qarşılaya bilməyən 110/20/6 kilovoltluq "Ramana" yarımstansiyasının gərginlik sinfi dəyişdirilərək 110/35/6 kilovoltluq gərginlik sinfinə keçiriləcək, gücü artırılacaq və ən əsası geniş ərazini tutan açıq tipli yarımstansiya sökülərək daha müasir, GİS tipli qurğularla təchiz olunmuş qapalı tipli mobil, rəqəmsallaşdırılmış yaraımstansiyaya çevriləcək.
Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli Hava Limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyük həcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altıyla keçiləcək. Bununla da xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsiylə ərazinin xarici görünüşünü yaxşılaşdıracaq, ekoloji tələblərə cavab verəcək, ən əsası baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.
Yüzlərlə ev sənədləşdirilə bilər
Elnur Fərzəliyev isə deyir ki, bu təcrübə yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sənədləşdirilməsi asanlaşdıra bilər. Ekspert bildirib ki, Bakı və Abşeron rayonları ərazisində yüzlərlə ev yüksək gərginlikli xətlərin altında yerləşir.
"Artıq bir müddətdir ki, yüksəkgərginlikli hava xətləri yeraltı kabellərlə əvəzlənir. Hazırda hava limanı, Zığ şossesi və 8 Noyabr prospektindəki 5 yerdə bu işlər icra olunur. Düzgür, bu Bakının baş Planı ilə əlaqəli aparılır, amma gələcəkdə bu təcrübədən digər yerlərdə də istifadə edilə bilər. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Bu, onu deməyə əsas verir ki, yüksək gərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir. Ona görə də, gələcəkdə də yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsinə ümid yaranır", - deyə Elnur Fərzəliyev bildirib.
E.Fərzəliyev bildirir ki, bu işlər sayəsində sözügedən ərazilərdə tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz həllini tapmış olar:
"Tikililərin olduğu ərazilərdə yüksək gərginlikli xətlərin yeraltı xətlərlə əvəzlənməsi yəqin ki, bir qədər çətin olar. Amma gələcəkdə bu təcrübədən istifadə edilməsi mümkündür. Çünki, nə qədər yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".
"Azərenerji"ASC-dən isə hələki digər ərazilərdə yüksəkgəginlikli xətlərin yeraltı xətlərlə əvəzlənməsi ilə bağlı məlumat olmadığı bildirildi.
"Torpağın təyinatını dəyişməklə kupça almaq mümkündür, amma elektrik xətləri mane olur"
"İyirmi ildən çoxdur ki, burada yaşayırıq. Amma evimizə kupça ala bilmirik. Hara müraciət etsək deyirlər ki, eviniz yüksək gərginlikli xəttin altında yerləşir". Bu sözləri Bakının Abşeron Rayonu, Masazır kəndində evləri yüksəkgərginlikli xətlərin altında yerləşən sakinlər söyləyiblər.
Onlar bildiriblər ki, hazırda torpaqların təyinatını dəyişməklə evə "kupça" almaq mümkün olsa da, yeni fərmandan faydalana bilmirlər. Sakinlərin sözlərinə görə, sənəd üçün müraciət etdikdə onlara evlərinin üzərindən yüksək gərginlikli xəttin keçdiyi bildirilir.
Səadət Mahmudova adlı sakin bildirir ki, əvvəllər bu ərazilər əkin sahələri olub. Pay torpaqları paylandıqdan sonra isə insanlara satılıb.
Yüksək gərginlikli xətlərin altındakı tikililər
© Sputnik / Zullfiye Guluyeva
"Buralar "yoncalıq"adlanır. Vaxtıilə sovxozun torpaqları olub, yonca əkilib. Amma sonra camaata paylayıblar. Biz də 20 ildir ki, burada yaşayırıq. Kimin evinin üstündən yüksək gərginlikli xətt keçirsə, evinə sənəd ala bilmir. Artıq burada böyük bir qəsəbə salınıb. Bu evləri sökmək də mümkün deyil. Vaxtında icazə veriblər, camaat da tikib yaşayıb. İndi sənəd vermirlər ki, üzərindən elektrik xətti keçir", - deyə sakin bildirib.
Sakinlərin sözlərinə görə, bir neçə küçə aralı məsafədəki evlər isə kupça ala biliblər. Ən böyük problem üzərindən yüksək gərginlikli xətt keçən evlərlə bağlıdır.
Yeni fərman ümid yaradır
Xatırladaq ki, Azərbaycanda "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Bu Qaydalar torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir. Bu Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Məlumat üçün bildirək ki, ölkə ərazisində 500 mindən artıq qeydiyyatsız, sənədsiz ev, tikinti mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.