COP29

Yaşıl enerji dəhlizləri sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir - Nazir

Azərbaycan Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilir.
Sputnik
BAKI, 15 noyabr - Sputnik. Biz “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”ni hazırda həyata keçirilən “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi kimi görürük. Bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu yanaşma Azərbaycan və Mərkəzi Asiyadan böyük həcmlərdə yaşıl elektrik enerjisi və yaşıl hidrogenin Türkiyə və Avropa bazarlarına nəqlini təmin etməyi, Asiyadan Avropayadək böyük bir coğrafiyada bərpaolunan enerji istehsal və idxal mərkəzlərini birləşdirməyi, bərpaolunan enerjinin dəyişkənliyini idarə etməyi və balanslaşdırmanı ehtiva edir.
Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarının vahid geosiyasi məkana çevrilməsi, ölkələrimiz arasında strateji tərəfdaşlıqların qurulması və möhkəmləndirilməsinə əsaslanan siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir.

“Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir. Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillərə təmiz, təhlükəsiz və firavan bir enerji mirası buraxırıq. Hər üç dəhliz, Mərkəzi Asiya ilə yanaşı, Xəzər dənizinin nəhəng enerji potensialı investorlar, enerji şirkətləri və maliyyə institutları üçün geniş əməkdaşlıq imkanları vəd edir”, - deyə nazir qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.