BAKI, 15 noyabr — Sputnik. Azərbaycanın pomidor ixracı artır. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xarici bazarlara 142 milyon dollar dəyərində 119 min ton pomidor ixrac olunub. Pomidor ixracı ötən illə müqayisədə dəyər ifadəsində 12,4 faiz, miqdar ifadəsində 4,8 faiz artıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Qeyd edilib ki, kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir: "Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir".
"Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur", deyə məlumatda vurğulanıb.
İnfoqraika: Pomidor ixracı
© Photo : Ministry of Agriculture (Azerbaijan)
18 min hektara yaxın ərazidə pomidor becərilir
Qeyd edək ki, tərkibi vitaminlərlə zəngin olan, olduqca faydalı bitki sayılan pomidor Azərbaycanın kənd təsərrüfatında xüsusi yeri tutur. Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür. Bu bitki təkcə vitaminlərlə qiymətli deyil. Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Təkcə 2023-cü il ərzində ölkəmiz pomidor ixracından təxminən 162 milyon dollar məbləğində qazanc əldə edib. Pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.
Ekspertlər nə deyirlər?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan pomidoru əsasən Rusiya və Belarusa ixrac edir:
"Məhsulumuz rahat şəkildə Rusiya və Belarus bazarlarına çıxır. Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub. Xaricdə pomidorun bahalaşması, ixrac qiymətinin artması sahibkarlarımızı ixraca təşviq edir. Bu zaman sahibkar maraqlı olur ki, böyük miqdarda məhsul ixrac etsin".
Ekspertin sözlərinə görə, ixrac artdıqca yerli bazarda pomidor baha olacaq. İxrac daxili bazarda qiymətləri artıran faktordur.
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov da Sputnik Azərbaycan-a bildirib ki, ixracın artması bazarın tələbidir. Rusiya bazarında Azərbaycan pomidoruna tələb artıb. Bu məsələni bazar tənzimləyir.
Xatırladaq ki, keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Belə ki, ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın cəmi pomidor ixracının 98,6%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 9-10 aylıq məlumatları hələlik açıqlamayıb.
Pomidor sahələrini sığortalamaq mümkündür
Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, sel-subasma və s. qoruya bilərlər. Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı illik 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir.
Əlavə edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına fitosanitar sertifikatlar verir. Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.