COP29

Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur - XİN başçısı

Ceyhun Bayramov deyib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var:

"Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb".

Bununla yanaşı Ceyhun Bayramov deyib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.
Nazir bildirib ki, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Aİ-nin aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır:
"Ən azı Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycanla Fransa arasında olan münasibətlərə qarışdırmır. Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konsteuktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.