BAKI, 15 noyabr — Sputnik. Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
Anar Rzayev: "Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb"
Qeyd edək ki, bundan öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb.
Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Xatırladaq ki, iyul ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.
O, qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşıma həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifariş ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlardan daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.