BAKI, 14 noyabr — Sputnik. Rusiya ABŞ-ın yeni administrasiyası ilə ünsiyyət qurmağa hazırdır, top qarşı tərəfin meydançasındadır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya Prezidenti Vladimir Putin Valdayda deyib ki, o, hər zaman ünsiyyətə hazırdır. Münasibətləri kəsən biz deyildik, top o biri tərəfdədir" - Lavrov Marina Kim ilə "Yeni dünya" layihəsinə müsahibəsində deyib. Beləliklə o, Moskvanın daha əvvəl seçkilərdə qalib gələn Donald Trampla işlədiyini nəzərə alaraq, Rusiya ilə ABŞ-ın yeni administrasiyası arasında əlaqələrin bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, 2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra etmiş olan Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın qələbəsini səslərin sayılması ilə məşğul olan bütün aparıcı media orqanları – "Associated Press", "Fox News", "CNN", "NBC", "ABC" və "CBS" elan edib.
Demokrat namizəd Kamala Harris tərəfdarları qarşısında çıxış edərək məğlubiyyətini etiraf etdiyini açıqlayıb. ABŞ-ın hazırkı Prezidenti Co Bayden isə Trampla danışıb və onu təbrik edib.
Ştatlardan olan Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməlidir. Yanvarın 6-da isə yeni Konqres səsvermənin nəticələrini təsdiq edəcək. İnauqurasiya yanvarın 20-də baş tutacaq.