BAKI, 14 noyabr — Sputnik. Bu il Qazaxıstanda bol taxıl məhsulu fermerlər və sahibkarlar üçün sevincdən daha çox başağrısına çevrilib – daxili bazarda təklif artıqlığı var, Rusiya və Çin kimi ənənəvi idxalçılar isə bu və ya digər səbəbdən Qazaxıstan taxılını almaqdan imtina ediblər.
Belə ki, Rusiya fitosanitar səbəblərdən Qazaxıstan taxılının tranziti və idxalına məhdudiyyətlər qoyub. Eyni zamanda, əhəmiyyətli həcmdə Qazaxıstan taxılının tədarük edildiyi Çin də bu yay bu Orta Asiya ölkəsindən bu məhsulların idxalına qadağa qoyduğunu elan edib.
Nəticədə Qazaxıstanda taxılın, xüsusən də müxtəlif buğda sortlarının qiyməti kəskin şəkildə aşağı düşüb və müəyyən dövrlərdə fermerlərin itkiləri, təxminən 40-50% təşkil edib.
Qazaxıstan öz taxılının taleyini necə həll etməlidir?
Yığılmış məhsulu satmaq üçün Qazaxıstan yeni satış bazarlarına çıxmalı, həmçinin alışı bərpa etmək üçün vaxtaşırı Qazaxıstan taxılını idxal edən ölkələrlə satınalmaların bərpası barədə danışıqlar aparmalıdır.
Belə ki, xüsusilə Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl almağı təklif edir. Qazaxıstan Milli Ərzaq Korporasiyasının rəhbəri Asılxan Cumaşev avqustda bildirmişdi ki, Qazaxıstan buğdasının Azərbaycan bazarında yenidən rəqabətədavamlı olması üçün ölkə əvvəlki mövqelərinə qayıtmaqdan ötrü mexanizmlər üzərində işləyir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qazaxıstandan 152 min ton buğda alıb, bəzi illərdə isə idxal 300 min tona yaxın olub.
Eyni zamanda, bu il Azərbaycan Qazaxıstandan buğda idxal etməyib və ümumilikdə taxıl alışını azaldıb. Belə ki, statistikaya əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 166,5 milyon dollar dəyərində 759 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,4 min ton və ya 4,2% və 44,3 milyon dollar azdır.
Bununla belə, ötən bazar ertəsi Qazaxıstan mediası Azərbaycan, İran və Tacikistanla 200 min tondan çox buğdanın tədarükü üçün ixrac müqavilələrinin bağlandığını açıqlayıb.
Qazaxıstan taxılı Azərbaycanın nəyinə gərəkdir?
Dünya bazarında taxıl artıqlığı yarandıqda və buna uyğun olaraq qiymətlər düşdükdə, kifayət qədər taxıl saxlama qabiliyyəti olan ölkələr onu sərfəli qiymətə alır, sonra tələbatın pik olduğu və qiymətlərin qalxdığı dövrlərdə yenidən satırlar.
Belə olan halda, böyük həcmdə taxıl saxlanması və emalına malik olan Azərbaycan hazırda vəziyyətdən istifadə edərək, öz daxili tələbatından artıq olan taxılı kifayət qədər aşağı qiymətə Qazaxıstandan idxal edə bilər. Belə ki, Azərbaycanda fəaliyyət göstərən lift və anbarların həcmi 720 min tondan artıqdır. Bundan əlavə, 2006-cı ildə Azərbaycanda Qazaxıstanla birgə sutkada 1,5 min ton taxıl ötürmə qabiliyyətinə malik olan "Bakı Taxıl Terminalı" MMC-nin müəssisəsi yaradılıb.
Bu terminalda ümumi həcmi 15 min ton olan taxılın müvəqqəti saxlanması üçün beş silos var. Onun nəqliyyat kommunikasiyalarının ötürülmə qabiliyyəti isə saatda 250-300 ton taxıl təşkil edir. Bu isə
gündəlik 2 min tona qədər taxılın dəniz gəmilərindən qəbul edilməsinə və dəmir yolu vaqonlarına boşaldılmasına imkan verir.
Bundan əlavə, terminala ildə 50 min tona qədər taxıl emal etmək gücündə olan, sutkada 150 ton gücündə dəyirman kompleksi də daxildir ki, bu da ölkəyə yüksək əlavə dəyərə malik hazır məhsul ixrac etməyə imkan verir.
Həmçinin 2021-ci ildə İranla sərhəddə, Astarada ildə 500 min ton ötürmə gücünə malik "Astara taxıl terminalı" yaradılıb.
Azərbaycan və Qazaxıstan taxıl ticarətinə alternativ yanaşmanı, məhz Qazaxıstan taxılının Azərbaycanın nəqliyyat-logistika infrastrukturu vasitəsilə dünya bazarlarına təkrar ixracını nəzərdən keçirə bilərlər.
Bu gün Qazaxıstan Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxmağa hazırlaşır. Bu regionlara birbaşa tədarük marşrutunun yaradılması üçün Qazaxıstanın Azərbaycanla əməkdaşlıq etməsi vacibdir. Ölkənin hazır infrastrukturunu, habelə "Şimal-Cənub" və Orta dəhliz kimi nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq, respublika Qazaxıstan taxılının təkrar ixracı üçün mühüm mərkəzə çevrilə bilər.