COP29

Əfsanəvi futbolçu Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla görüşdü

Futbolçu Bakıda COP29 məkanındakı pavilyonları gəzib, Heydər Əliyev Fondunun stendinə baxıb.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona” və digər məşhur klublarda çıxış etmiş Ronaldinyo “Dəniz Mall” Ticarət Mərkəzində kimsəsiz uşaqlarla bir araya gəlib.
Əfsanəvi futbolçu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və 1 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb (Report).
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş futbolçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam Azərbaycana gəlib.
***
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.
Futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, "Qremio"da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" kimi klubların formasını geyinib.
O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb.