COP29

Azərbaycan və Türkiyə prezidentləri arasına görüş olub - Yenilənib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını deyib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb.
Bu gün sessiyanın ikinci günü keçirilir.
Sessiya Azərbaycanda bu səviyyəli ən böyük tədbirdir.
COP29 çərçivəsində dünya liderlərinin iqlim sammiti təşkil olunub.
Bəyan edilmiş məqsədlər fonunda Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edib və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının liderlər sammitində çıxışı zamanı deyib ki, Ankara 2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
“Türkiyə 2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb”, - Türkiyə lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.