BAKI, 12 noyabr - Sputnik. Beynəlxalq Enerji Agentliyinin (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təhlillərinə görə, bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə və qlobal enerji səmərəliliyinin illik artım tempinin 4 faizdən yüksək səviyyəyə çatdırılması üçün əhəmiyyətli və əlçatan investisiyalara ehtiyac var.
Bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində “Nazirlər dialoqu: Bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ötən il dünyada 473 giqavat yeni bərpaolunan enerji güclərinin quraşdırılması və 570 milyard dollar investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, yaşıl enerjiyə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.
“Şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması, enerji səmərəliliyi tədbirlərinin gücləndirilməsi vacibdir. Bu isə enerji keçidinə 2030-cu ilədək ümumilikdə 31,5 trilyon dollar sərmayə cəlbini zəruri edir. Hazırda mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 faiz geri qalacağıq. Bu, bizim üçün önəmli bir xəbərdarlıqdır - enerji keçidini sürətləndirmək üçün qlobal səylərimizi gücləndirməli və ambisiyalarımızı daha da artırmalıyıq”, - deyə nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.