İQTİSADİYYAT

Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?

300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Azərbaycanda iri və xırdabuynuzlu heyvanları vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və sığorta ödənişləri edilib. Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur.
Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını, iribuynuzlu və xırdabuynuzlu mal-qaranı müxtəlif risklərdən, o cümlədən vəhşi heyvnaların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar.
Heyvanların sığortası südlük və ətlik mal qara, yəni inək və danalar, eləcə də xırdabuynuzlu heyvanlar, yəni qoyun və keçi təsərrüfatlarını əhatə edir.
Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur.
Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub.
300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manatdır
Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi mövcuddur, başqa sözlə, heyvanların sığortası zamanı, hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2% arasında dəyişir. Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər.
Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir. Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir.
Qoyunlar
Heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib
Qeyd edək ki, indiyədək Aqrar Sigorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödənişlər edilib. Təkcə 2024-cü ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37485 manat ödəniş edilib.
Ümumilikdə indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib. 2022-ci ildə bu rəqəm 710 min manat, 2023-cu ildə 910 min manat, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat təşkil edib.
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsi minimum 1 il və maksimum 3 il müddətə bağlanıla bilər.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" və "Heyvandarlıq sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Nazir: "Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur"
Xatırladaq ki, bundan öncə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.
Məcnun Məmmədov
O qeyd edib ki, kənd təsərrüfatı birbaşa təbiətlə bağlı sahə olduğundan Yer kürəsində müşahidə olunan qlobal iqlim dəyişikliyi aqrar sahəyə mənfi təsirini artırmaqdadır.

"Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı eroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır. Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur", - M.Məmmədov qeyd edib.

Nazir onu da vurğulayıb ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada mövcud olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb.
Aqrar Sığorta Fondu haqqında
Xatırladaq ki, Aqrar Sığorta Fondu 2019-cu ildə təsis edilib. "Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.