BAKI, 12 noyabr - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha əvvəl Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olmuşdu.
Onun həyat yoldaşı Əminə Ərdoğan isə COP29-da Türkiyə pavilyonunun açılışına qatılıb. Açılışda ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum da daxil olmaqla Türkiyənin nazirləri iştirak ediblər. Türkiyə stendində ölkənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Sıfır tullantı” (“Sıfır atık”) layihəsi təqdim edilib.
Əminə Ərdoğan həmçinin Bakıda Mərkəzi Univermaqda olub.
11.11.24, 10:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.
Türkiyə KİV-lərinini yaydığı məlumata görə, zirvə Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.
Ərdoğanın toplantı çərçivəsində bir çox müsəlman liderlə görüşü gözlənilir.
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.
COP29
Xatırladaq ki, bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Tərəflər Konfransının bu ilki tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.
COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.
Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.