"Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib", - Prezident bildirib.
"Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir".
"Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı. Sadəcə, bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır".
"Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər. Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq".
"Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!", - deyə dövlətimizin başçısı fikrini tamamlayıb.