COP29

COP29: 2024-cü ildə təmiz enerjiyə 2 trilyon dollar investisiya qoyulmalıdır

Stil təmiz enerjiyə keçidin və iqlimə davamlılığın qarşısıalınmaz proses olduğunu bildirib və onun sürətləndirilməsinin zəruriliyini qeyd edib
Sputnik
BAKI, 11 noyabr - Sputnik. 2024-cü ildə təmiz enerji və infrastruktura qoyulan investisiyaların həcmi 2 trilyon dollara çatacaq.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyasının açılışında deyib.

"Biz qlobal orta temperaturun 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinin əlçatmaz olmasına imkan verməməliyik. Hətta temperatur yüksəlməyə davam etsə belə, razılaşmalarımızın icrası bu prosesi geri çevirməli olacaq.Təmiz enerji və infrastruktura qoyulan investisiyalar 2024-cü ildə 2 trilyon dollara çatacaq" - Stil deyib.

O qeyd edib ki, bu məbləğ mədən yanacaqlarına qoyulan investisiyadan demək olar ki, iki dəfə çoxdur. Stil təmiz enerjiyə keçidin və iqlimə davamlılığın qarşısıalınmaz proses olduğunu bildirib və onun sürətləndirilməsinin zəruriliyini qeyd edib:

"Ölçülməyəni dəyişmək mümkün deyil. Bilməliyik ki, biz iqlimə davamlılıq yaratmaq yolundayıq. Biz həmçinin itki və ziyana görə maliyyə və texniki dəstək üçün yeni mexanizmlər hazırlamağa davam etməliyik. Biz təsadüfi qərarlar qəbul edə bilmərik"

İcraçı katib əlavə edib ki, bu il təqdim olunacaq ikiillik şəffaflıq hesabatları tərəqqi və aradan qaldırılmalı olan boşluqlar haqqında daha aydın təsəvvür yaradacaq.
Onun fikrincə, iqlim dəyişikliyi ilə bağlı böhran bütün bəşəriyyətə təsir edəcək. Buna görə də Bakıda yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmaq lazımdır.

"Əgər dünya ölkələrinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilməsə, o zaman bütün ölkələr ağır bədəl ödəyəcəklər. Əgər ölkələr təchizat zəncirlərində davamlılığı qura bilməsələr, bütün qlobal iqtisadiyyat zərər çəkəcək." - Stil əlavə edib.

O, ölkələrə büdcə vəsaitlərini daha çevik idarə etməyə imkan verəcək qlobal maliyyə sistemində islahatların aparılmasının zəruriliyini vurğulayıb.