BAKI, 11 noyabr - Sputnik. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi neftin Bakı-Tbilisi-Ceyhan Xam Neft Kəməri (BTC) ilə İsrailə daşınması və Türkiyənin buna icazə verməsi ilə bağlı iddialara cavab verib.
Nazirlikdən verilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“BTC Türkiyə, Azərbaycan və Gürcüstan arasında 18 noyabr 1999-cu ildə imzalanmış beynəlxalq müqavilə və onun əlavəsini təşkil edən Ev Sahibi Hökumət Sazişlərinə uyğun olaraq istismar edilir. Xəttin Türkiyə hissəsinin fəaliyyəti BOTAŞ International A.Ş. tərəfindən BTC tərəfdaşları ilə imzalanmış əməliyyat müqaviləsi çərçivəsində həyata keçirilir. Sözügedən müqavilələr çərçivəsində xətti idarə edən BOTAŞ International A.Ş.-nin neftin alqı-satqısında heç bir iştirakı və ya sərəncamı yoxdur".
“Nefti BTC ilə nəql edən və onu Heydər Əliyev Limanından dünya bazarlarına satan şirkətlər Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarına hörmətlə yanaşıblar və çatdırılma məntəqəsi kimi İsraillə heç bir daşıma həyata keçirilməyib” - Nazirliyin məlumatında deyilir.
Son günlər Türkiyə KİV-ləri və sosial media hesabları Ərdoğan hökumətini İsraillə gizli əməkdaşlıqda günahlandırıb. Buna bariz misal olaraq, BTC vasitəsilə daşınan neftin İsrailə satıldığı göstərilib.