İQTİSADİYYAT

Yalnız neftlə dolanmırıq: Çoxlu pambıq, pomidor və qızıl da satmışıq

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard dollar təşkil edib.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. 2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq Azərbaycanın qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1,3% artaraq 2,5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamasına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
Deputat qeyd edib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi: "Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı, aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib. Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır".
"Qeyri-neft ixracının ümumi ixracda payının 30 faizə qədər artırılması çox vacibdir"
O diqqətə çatdırıb ki, ümumiyyətlə, qeyri-neft ixracının daha çox artırılması və bu istiqamətdə yeni hədəflərin müəyyən edilməsi çox vacibdir: "Düşünürəm ki, 2026-cı ildən sonrakı dövrdə qeyri-neft ixracı prioritet olmaqla yanaşı, iqtisadi siyasətin hədəflərinə uyğun olaraq genişlənəcək. Birinci mərhələdə qeyri-neft ixracının ümumi ixracda payının 30 faizə qədər artırılması çox vacibdir. Çünki bu, resurs ixracında asılılığın aradan qaldırılması və iqtisadi diversifikasiyanın təmin olunmasında əsas faktorlardan hesab olunur".
Milli Məclisin deputatı Vüqar Bayramov
Ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) Sputnik Azərbaycan-a bildiriblər ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard dollar təşkil edib. Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon dollara bərabər olub.
Cari ilin ilk 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3%, pambıq lifi 70,9%, bitki mənşəli yağlar və piylər 31,7%, kimya sənayesi məhsulları 20,9%, spirtli və spirtsiz içkilər 11,6%, emal edilən meyvə-tərəvəz məhsulları 14,6% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar təşkil edib.
Qeyd edilib ki, cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150,7 milyon dollar) birinci olub. Bu siyahıda tomat (pomidor) (139,6 milyon dollar) ikinci, qızıl (115,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
"2024-cü ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyasına 843.7 milyon dollar, Türkiyəyə 435,1 milyon dollar, Gürcüstana 195,1 milyon dollar, İsveçrəyə 119,6 milyon dollar, ABŞ-a isə 113 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub", - məlumatda bildirilib.
"3 milyard dollarlıq qeyri-neft ixracı azdır"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, 3 milyard dollarlıq qeyri-neft ixracı azdır və bunun artırılmasını hədəf kimi qarşıya qoymaq müsbət addımdır: "Azərbaycanın qeyri-neft ixracının artırılması üçün qeyri-neft sektoru inkişaf etdirilməli, ixracyönümlü sahələrin tərəqqisi diqqət mərkəzində olmalıdır. Həmçinin qeyri-neft sektorunda özəl təşəbbüslər dəstəklənməlidir. Qeyri-neft ixracının artırılması üçün potensial var".
İqtisadçı-ekspert Xalid Kərimli
Xatırladaq ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2023-cü ildə Azərbaycandan 110-dan çox ölkəyə 3,3 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub və bu da yeni tarixi rekord hesab olunur. Hesabat ilində beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair müqavilələr imzalanıb.
Əlavə edək ki, cari ilin 9 ayının yekunlarına əsasən, qeyri-neft ixrac məhsullarının TOP 5-liyinə pomidor, pambıq lifi (mahlıc), qızıl, azot gübrələri və alüminium ərintisindən olan plitələr daxil olub. Qeyri-neft məhsullarımızın əsas idxalçıları siyahısında ilk üçlükdə Rusiya, Türkiyə və Gürcüstan dayanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.