CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölən miqrantların hansı halda dövlət vəsaiti hesabına dəfn ediləcəyi məlum olub

Meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq qurumun meyitxanasında saxlanılacaq.
Sputnik
BAKI, 10 noyabr— Sputnik. Qanunsuz miqrantların saxlanılması mərkəzində olan əcnəbinin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.
Bu, Milli Məclisin son iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə məlumat verilməsini təmin etməlidir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil veriləcək.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq qurumun meyitxanasında saxlanılacaq.
Layihəyə əsasən, mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat veriləcək. Onlar mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılacaq. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.
Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycanın normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.