QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsinin xronikası: 7 noyabr

Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndləri azad edilib.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.
Müharibənin 42-ci günü
Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabında bildirib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə mövqelərinə artilleriya zərbələri endirilib. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının birinci taborunun bölmələrinin şəxsi heyəti itkilərə məruz qalıb, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarılıb.
Döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən geriyə çəkilməyə məcbur edilib. Bölmələrimiz Ermənistan ordusunun 178-ci əlahiddə kəşfiyyat taborundakı, eləcə də 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyətini məhv ediblər. Bu barədə Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə məlumat verilib.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.
Düşmənin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 "KamAZ", 2 "Ural" və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində çoxlu sayda hərbi qulluqçusu məhv edilib.
ANAMA: Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.