SƏHİYYƏ

Saxta plastik cərrahlar - sertifikasiyasız həkimlərlə bağlı nazirlikdən şok faktlar

Səhiyyə Nazirliyi "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfətin tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyini təsdiqlədi.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın siyahısının yayılması ictimaiyyətdə geniş rezonansa səbəb olub. ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova 49 plastik cərrahın adını paylaşaraq onları və Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, siyahını öz "İnstaqram" səhifəsində dərc edib.
30 min manat rüşvət iddiası
"2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?" – Q. Ataşova yazıb.
Siyahı
O iddia edir ki, sözügedən şəxslər Səhiyyə Nazirliyinə 30 min manat rüşvət verməklə bu hüquqa yiyələniblər.
"Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm ve təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur", - jurnalist bildirib.
Analitik Ekspertiza Mərkəzi iddialara cavab verib
İddialarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən siyahı köhnədir. Bundan sonra sözügedən klinikalarla bağlı araşdırma aparılıb və nöqsanlar aradan qaldırılıb.
"Plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib. Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək", deyə cavabda bildirilib.
Siyahı
Klinikalar iddiaları rədd edir
Adları siyahıda əks olunan həkimlər də iddiaları rədd edir. "Badam" klinikasından Səkinə Xuduyevanın, Vüsal Abdullayevin, Pərviz Əhmədovun saxta cərrahiyyə fəaliyyət ilə məşğul olduğu bildirilir.
Klinikadan Sputnik Azərbaycan-a bildirilib ki, Pərviz Əhmədov ümumiyyətlə cərrah fəaliyyəti ilə məşğul olmur. O, klinikada marketinq əməkdaşı kimi fəaliyyət göstərir. Səkinə Xuduyeva isə alimdir. Vüsal Abdullayev isə ümumi cərrahdır, Cəlilabad Mərkəzi Xəstəxanasında baş həkim işləyir.
Bir klinikada 5 həkim qanunsuz işləyir?
"Laser Beauty Clinik"in beşə yaxın həkiminin siyahıda adı hallanandığından, sözügedən klinika ilə də əlaqə saxladıq. Klinikadan direktorun işdə olmadığını bildirdilər.
"Laser Beauty Clinik"də plastik cərrah kimi fəaliyyət göstərən Famil İbrahimovun köməkçisi iddialarla razı olmadığını, həkimin ixtisasına uyğun çalışdığını söylədi. Qüdrət Orucov və Natəvan Əmirovanın köməkçiləri isə həkimlərin işdə olmadığını söylədilər. Asiman Əhmədovanın köməkçisi isə həkimlə əlaqə saxlayaraq cavab verəcəyini bildirsə də, ondan cavab gəlmədi.
Siyahı
Sertifikasiyadan keçməyənlər estetik həkim işləyir
Qeyd edək ki, klinika ilə bağlı daha bir ittiham, burada çalışan həkimlərin tibb işçilərinin sertifikasiya prosesindən belə keçməməsidir. Jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatda "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfətin tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyi iddia edilir. Q. Ataşova bunu təsdiqləyən vəkil sorğusunu da öz səhifəsində paylaşıb.
Paylaşılan məlumat
Sözügedən iddia ilə bağlı N.Rüfətlə əlaqə saxlasaq da, ondan tibb işçilərinin sertifikasiya prosesindən keçib-keçmədiyi barədə iddialara cavab ala bilmədik. Estetik cərrahın köməkçisi bildirdi ki, o, əczazçılıq ixtisası üzrə təhsil alıb. Bunu əks etdirən diplomunun şəklini də öz instaqram səhifəsində paylaşıb. Səhiyyə Nazirliyindən isə vəkil sorğusuna verilmiş cavabda qeyd olunub ki, Nigar Rüfətin "Azərbaycan Respublikasında tibb və əczazçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyester"ində onun barədə məlumat müəyyən edilməmişdir. Bununla belə Sputnik Azərbaycan bu iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.
Paylaşılan məlumat
Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Clinik”lə bağlı hansı işləri görüb
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib: "Mediadan daxil olan müraciətlərdə “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfətin həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.
Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib".

Məlumat üçün bildirək ki, sertifikasiya - səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən va mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
"Sertifikasiyadan keçməyənlər həkim adı altında fəaliyyət göstərə bilməz!"
50-ə yaxın həkimin qanunsuz plastik cərrahiyyə ilə məşğul olduğu barədə yayılmış siyahıya münasibət bildirən Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərin sertifikasiya imtahanından keçməyən, qeyri-qanuni cərrahiyyə əməliyyatı ilə məşğul olanlara qarşı mübarizə gücləndirilməlidir.
Estetik-plasitik cərrah işləyənlərin bu sahə üzrə rezidentura təhsili olmalıdır
"Belə "həkim"lərin bu sahədə fəaliyyəti plastik və rekonstruktiv cərrahiyyə üçün üz qarasıdır", deyə Assosasiya sədri bildirib: " Düzdür, plastik cərrahiyyə Azərbaycanda yeni sahədir. Rezidentura yaranana qədər bu sahə ümumi cərrahiyyənin içərisində idi. Yanıqları, üzdə yaranan problemləri ümumi cərrahlar edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Rezidenturaya qədər keçid dövründə buna icazə verilirdi. Amma artıq rezidentura təhsili var, həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyatı qurumlar ciddi mübarizə aparılmalıdır. Çünki, onların savadsızlığı üzündən etdikləri səhv əməliyyatlar plastik və estetik cərrahiyyə üçün üz qarasıdır".
Pasiyentlər reklama aldanır
V.Qələndərli bildirib ki, pasiyentlər bu sahədə həkim seçərkən çox diqqətli olmalı, reklamlara aldanmamalıdırlar.
"Bu sahənin adı plastik və rekonstruktiv cərrahiyyədir. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdır. Bundan başqa sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidir. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının bir əsas səbəbi də bu sahədə naşı insanların plastik və estetik cərrah kimi qanunsuz fəaliyyət göstərməsidir", Vaqif Qələndərli söyləyib.