BAKI, 7 noyabr — Sputnik. İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Qafanda keçirilən "Ermənistan-İran: əməkdaşlıq və perspektivlər" ekspert seminarında jurnalistlərə deyib.
Onun sözlərinə görə, İranın "Zəngəzur dəhlizi" ilə bağlı mövqeyi bəllidir: İran istənilən geosiyasi dəyişikliklərin və dəhliz konsepsiyasının qəti əleyhinədir.
"Ermənistanla münasibətlərimizin möhkəm təməli var. Biz əsrlər boyu yan-yana yaşayan, mehriban qonşuluq münasibətlərini qoruyan qonşularıq", - Sobhani qeyd edib.
Səfir onu da vurğulayıb ki, İran və Ermənistan arasında ikitərəfli münasibətlər həmişə xarici amillərin təsiri olmadan inkişaf edib. Tehran əmindir ki, onlar kənar təzyiqlərdən azad olaraq münasibətləri tərəfdaşlıq ruhunda möhkəmlətməyə davam edəcəklər.