İQTİSADİYYAT

"Kartdan karta" yolu ilə işləyən nə qədər obyektə maliyyə sanksiya tətbiq edilib?

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Xidmətdən bildiriblər ki, son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.
Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.