COP29

Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.