BAKI, 5 noyabr — Sputnik. Rusiya sədrliyi namizəd ölkələrə BRİKS-ə tərəfdaş dövlət statusu verilməsi üçün dəvət göndərəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısı 2024-cü ildə ilk dəfə olaraq İsrail, Hindistan, Ermənistan, Azərbaycan və digər dövlətlərin nümayəndələrinin də olduğu 28 yeni səfirin etimadnaməsini qəbul edib. Sonuncu mərasim 2023-cü il dekabrın 4-də Kremldə baş tutub.
"Kazan sammitinin mühüm nəticəsi tərəfdaş dövlətlərin yeni kateqoriyasının yaradılması oldu. Rusiya sədrliyinin müvafiq dəvət göndərəcəyi potensial namizəd ölkələrin siyahısı da razılaşdırılıb. Müsbət cavab aldıqdan sonra bu ölkələrə BRİKS tərəfdaşı statusu veriləcək", - Putin səfirlər qarşısında çıxışı zamanı bildirib.
Vladimir Putin sammitdə
© Sputnik / Алексей Филиппов
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da qrupa qoşulub. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən sədrliyi çərçivəsində Rusiya 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.