AZƏRBAYCAN XƏBƏRLƏRİ

Rusiya Azərbaycan və Ermənistan üçün hər şeyi edəcək - Putin

Rusiya Prezidenti bildirib ki, sülh müqaviləsi üzrə işlərə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına kömək etməyə davam edəcəklər.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə davam edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin səfirlərin etimadnaməsini qəbul edərkən deyib.
Noybarın 5-də Putin bu il ilk dəfə olaraq bir sıra qeyri-dost ölkələrin, həmçinin İsrail, Hindistan, Ermənistan, Azərbaycan və digər dövlətlərin nümayəndələri də daxil olmaqla, yeni gəlmiş 28 səfirin etimadnaməsini qəbul edib. Sonuncu dəfə belə bir mərasim 2023-cü il dekabrın 4-də Kremldə baş tutub.

"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi etmişik və edirik. Biz sülh müqaviləsi üzrə işlərə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına kömək etməyə davam edəcəyik", - Rusiya dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışında bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur.
Putin BRICS+ sammitində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.