BAKI, 4 noyabr — Sputnik. Çiy dönər daşınması zamanı qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq sənədləri ilə müşayiət olunmalıdır.
Sputnik Azərbyacab-ın xəbərinə görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları"nda əksini tapıb.
Qaydaya əsasən, hər bir çiy dönər partiyasının emal prosesi (ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi) havanın temperaturu +12 dərəcədən yüksək olmayan şəraitdə eyni növbə ərzində həyata keçirilməli və həmin müddətdə ətin 7 dərəcədən (quş ətinin 4 dərəcədən) yüksək olmayan temperaturunun saxlanması təmin olunmalıdır. Digər müəssisələrə göndərilməsi və ya dondurulmaya cəlb olunması nəzərdə tutulan çiy dönər ətə təsir etməyən və ətin xüsusiyyətini dəyişdirməyən, eləcə də çiy dönərin təsir edə bilmədiyi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmasda olan materialdan hazırlanmış vakuum, yaxud hava boşluğu qalmayan qablaşdırmalarda saxlanılmalıdır.
Çiy dönərlərin dondurulması qablaşdırmadan dərhal sonra şaquli vəziyyətdə saxlanması təmin olunmaqla sürətli (şok) dondurma tunellərində -42 dərəcə və daha aşağı temperatur şəraitində həyata keçirilməlidir. Dondurulmuş çiy dönərlərin donunun açılması prosesi dönərin ən dərin orta nöqtəsində temperaturun 0°C ilə 4°C arasında olması şərtilə soyudulmuş vəziyyətə gətirilməsi, bu prosesdə yaranan suyun, əsasən çiy dönərin əzələ liflərinə, toxuma hüceyrələrinə və boşluqlarına daxil olması şəraitində suyun kənara mümkün qədər çox axmaması təmin edilməlidir. Bunun üçün gigiyena qaydalarına əməl edilməklə və dönərin keyfiyyətinə mənfi təsirlərə yol verilməməklə temperaturu 18°C-dən yüksək olmayan durğun hava, təzyiqli hava axını, təzyiqli su buxarı-hava qarışığı üsullarından istifadə edilməlidir. Dondurulmuş çiy dönərin saxlanması və daşınması -18 dərəcədən yüksək olmayan temperaturda həyata keçirilməli və yararlılıq müddəti 3 aydan çox olmamalıdır.
Təzə çiy dönərin hazırlandığı, habelə dondurulmuş çiy dönərin donunun açıldığı vaxtdan bişirməyə başlanmasına qədərki müddətdə saxlanması və daşınması +1 dərəcə ilə +4 dərəcə arasında olan temperaturda həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır.
Təzə çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır.
Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır.
Həmçinin qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal (o cümlədən, dana) ətindən, qoyun və ya quzu, mal (o cümlədən, dana) ətlərinin qarışığından emal edilir. Quş ətindən hazırlanmış (toyuq, hind toyuğu) dönəri toyuq ətindən, hind toyuğu ətindən, toyuq - hind toyuğu ətlərinin qarışığından emal edilir. Qaydaya əsasən, çiy dönərin tərkibində qoyun, quzu, mal (o cümlədən, dana) ətlərinin toyuq və hind toyuğu ətləri ilə qarışdırılmış şəkildə olmasına yol verilmir. Bu Qaydalarda nəzərdə tutulmuş heyvanlardan başqa, digər heyvanların ətinin çiy dönər hazırlanması və çiy dönərin tərkibinə qarışdırılmaqla istifadəsinə yol verilmir. Çiy dönərin tərkibində quyruq və piy istisna olmaqla, digər sub məhsullar olmamalıdır.
Çiy dönər emalında bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə yol verilmir. İstifadə edilən ədviyyatların hesabına dönərin tərkibindəki nişasta və bitki zülalının miqdarı ümumilikdə 1%-dən çox olmamalıdır.