BAKI, 3 noyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və "MeetUp Networking Club" Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib. Bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Şyen ilə görüş keçirilib.
Mərkəzdən Sputnik Azərbaycan-a məlumat verilib ki, görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. Tani Şyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
"Azexport" portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirib. Daha sonra ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şri-Lanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İdxalçı şirkət nümayəndəsi Tani Şyenin görüşlərinin aqrar sektorda fəaliyyət göstərən şirkətlərin bağlarında və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini "azexport.az" portalı və "MeetUp Networking Club" vasitəsilə təqdim edə bilərlər.
"Azexport" portalı
Qeyd edək ki, "Azexport" portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. İndi sahibkarların öz yerli məhsullarını 150-ə yaxın ölkədə fasiləsiz tanıtmaq imkanı var. Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi adı altında təşviqinə dəstək verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.