BAKI, 2 noyabr — Sputnik. ABŞ "Moskva və Pekinin Macarıstan üzərində artan təsirindən" və bunun potensial nəticələrindən narahatlığını ifadə edib.
Bunu ABŞ-ın Macarıstanın paytaxtındakı səfiri Devid Pressman deyib.
Oktyabrın 30-da Budapeştdə səfirlərin və hərbi attaşelərin iştirakı ilə baş tutmalı olan sammitdə bu mövzunun müzakirəsi planlaşdırılırdı, lakin Macarıstan tərəfi dəvətə məhəl qoymayıb.
İclasda iştirak edən diplomatlardan birinin sözlərinə görə, Macarıstanın son addımları və bəyanatları NATO-da "ciddi narahatlıq" yaradıb. O qeyd edib ki, görüş "Macarıstan üçün müttəfiqləri ilə mövqeyini aydınlaşdırmaqdan ötrü faydalı platforma ola bilərdi, lakin ölkə nümayəndələri müzakirədə iştirak etməyiblər".
Verilən məlumata görə, NATO tərəfdaşları arasında narazılıq artıq "kritik səviyyədədir". Alyans əmindir ki, Viktor Orbanın siyasəti Macarıstana "etibarlı tərəfdaş" kimi inamı sarsıda bilər.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban artıq Kiyev, Moskva və Pekinə səfər etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.