BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 1-də kimlər anadan olub?
Telman Əliyev (1947-2017) - Azərbaycanın əməkdar artistidir. O, Gəncə Dövlət Dram Teatrının və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub. Aktyor "Qanlı Yanvar", "Xoca", "Ağabəyovlar", "Acılar bitməz" və digər filmlərdəki rolları ilə tanınıb.
Anatoli Kubatski (1908-2001) – Rusiyanın əməkdar artistidir. O, "Morozko", "Anna Karenina", "Partizan qığılcımı", "Yer və insanlar" və s. filmlərdə rol alıb.
Anatoli Kubatski
© Photo : Public Domen
Stanislav Juk (1935-1998) - Əməkdar idman ustası, dəfələrlə SSRİ çempionu və fiqurlu konkisürmə üzrə Avropa çempionatlarının dəfələrlə medalçısıdır.
Silviya Batay (1908-1993) - Fransa aktrisasıdır. O, "Uliss və pis görüşlər", "Gecənin qapıları", "Sevinc saatı", "Cənab Lanjın cinayəti" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Silviya Bata
© Photo : Public Domen
Edvard Van Sloun (1882-1964) - ABŞ aktyorudur. O, "Drakula" və "Frankenşteyn" filmlərində şər ruhlara qarşı döyüşçü rolları ilə məşhurlaşıb. Aktyor həmçinin "Drakulanın qızı", "Mumiya", "Ölüm öpüşü" və digər filmlərdə rol alıb.
Süleyman Dəmirəl (1924-2015) - Türkiyənin dövlət və siyasət xadimidir. O, 1993-2000-ci illərdə Türkiyə prezidenti olub. Dəmirəl ölkənin sənayeləşdirilməsi ilə bağlı bir sıra iqtisadi islahatlar həyata keçirib.
Süleyman Dəmirəl (sağda)
© Sputnik / Дмитрий Донской
Ayşvariya Ray (1973) - Hindistan modeli və aktrisasıdır. O, 1994-cü ildə "Miss World" müsabiqəsinin qalibi olub. Model Hindistanın dördüncü ən mühüm dövlət mükafatı olan "Padma Şri" mükafatının sahibidir. Aktrisa "Yalançı aşiq", "Devdas", "Onlar bir-birini sevirlər", "Aşiqlər" və başqa filmlərdə rol alıb.
Ayşvariya Ray
© Joel C Ryan / Invision / AP