BAKI, 1 noyabr — Sputnik. Rusiya Türkiyənin BRİKS ilə yaxınlaşmada marağını alqışlayır, lakin Ankaranın assosiasiyanın işində iştirakının parametrləri ilə bağlı qərar onun üzvlərinin konsensusu əsasında veriləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu, BMT Nizamnaməsinə hörmət, açıqlıq, praqmatizm və üçüncü tərəflərə qarşı yönəlməmə prinsiplərinə əsaslanan birliyin cəlbediciliyini təsdiqləyir", – Lavrov Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində deyib.
Nazir əlavə edib ki, Moskva Qlobal Çoxluq ölkələri, ilk növbədə çoxtərəfliliyi dəstəkləyən, suveren xarici siyasət yürüdən və birtərəfli sanksiyalara qoşulmayan ölkələrlə BRİKS əlaqələrinin genişləndirilməsinin tərəfdarıdır.
Serqey Lavrov
© Sputnik / Алексей Филиппов
"Kazanda keçirilən sammitdə BRİKS iştirakçılarının hazırkı tərkibinin tərəfdaş ölkələr birliyinə qoşulması lehinə seçim edilib. Türkiyənin assosiasiyada iştirakının parametrləri ilə bağlı qərar konsensus əsasında və bütün BRİKS ölkələrinin və Türkiyənin özünün suveren seçiminə hörmətlə qəbul ediləcək", - Rusiya diplomatik departamentinin rəhbəri vurğulayıb.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilib. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.