HƏRBİ

Hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan təhsil müəssisələrindən xaric edilən kursantlar onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəməlidirlər.
Sputnik
BAKI, 1 noyabr— Sputnik. Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklərə baxılıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb: "Layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı, xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir. Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur".
Qeyd edək ki, digər dəyişikliklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni maddə əlavə edilir. Həmin maddə "Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi" adlanır.
Həmin maddəyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantlar xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəməlidirlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi bağlaşmada nəzərdə tutulur.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclər nəzərdə tutulmuş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Ehtiyatda xidmət toplanışları keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər.