CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimlərin maaşı az olduğundan xaricə üz tuturlar – Deputat

Milli Məclisin iclasında deputatlar tibb sahəsində kadr çatışmazlığı məsələsindən danışıb. Deputat Aqil Abbas deyib ki, hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir?
Sputnik
BAKI, 1 noyabr— Sputnik. "Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır". Bunu deputat Səyyad Aran parlamentin plenar iclasında deyib.
O qeyd edib ki, 1200-1300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır:

“Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs, camaat kimin üstünə getməlidir? Yaxud müəllim pensiya yaşına çatan kimi onu işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşına çatmış həkimlərlə müqavilənin vaxtını uzadırlar ki, işləsinlər. Çünki həkim çatışmır”.

Deputat Aqil Abbas da çıxış edərək deyib ki, hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir? Millət vəkili bildirib ki, özü də universiteti bitirəndə təyinat alıb:

“İstəməsəm də gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.

Aqil Abbas
Spiker Sahibə Qafarova isə deputatların narazılığına cavab olaraq vurğulayıb:

“Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin”.

Sahibə Qafarova
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarlarının narazılıqlarına cavabında deyib ki, həmkarlarımın Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində həqiqət var.
Komitə sədrinin sözlərinə görə, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi kimi məsələlər səsləndirilib.
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Ə.Əmiraslanov qeyd edib ki, rayonlarda tibbi kadrların olmaması yox, çatışmazlıq problemi var:

“Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var".

Komitə sədri həmkarı Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə dair bildirib ki, "Azərbaycanda təyinat məsələsi var və bu, rezidentura çərçivəsində olur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.