BAKI, 1 noyabr — Sputnik. Gələn il Azərbaycanda cəmi 5 rayona dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq. 2025-ci ildə Azərbaycanda 67 şəhər və rayondan 62-si xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək. "Azərbaycanın 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, həmin 5 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,2 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 4 milyon manat və ya 44 faiz azdır.
Deputat: "Son illər dövlət büdcəsindən vəsait alan rayonların sayı azalır"
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, son illər dövlət büdcəsindən vəsait alan rayonların sayının azaldığını müşahidə edirik:
"Bu da birbaşa onunla bağlıdır ki, rayonların maliyyə müstəqilliyi artıb, rayonlar öz gəlirləri hesabına xərclərini ödəyirlər. Bu, dövlət büdcəsindən vəsaitin ayrılmasına ehtiyacı azaldıb. Ümumiyyətlə, məqsəd rayonların dövlət büdcəsindən maliyyə asılılığını aradan qaldırmaqdır".
Vüqar Bayramov
© Photo : Social media page of Vügar Bayramov
Deputat diqqətə çatdırıb ki, burada əsas meyar rayonun gəlir və xərclərinin münasibətidir:
"Əgər xərclər gəlirlərdən çoxdursa, həmin rayona dövlət büdcəsindən vəsait ayrılır. Yardımlı rayonunun dövlət büdcəsindən vəsait alması onun xərclərinin gəlirlərlə müqayisədə daha çox olmasıdır. Yardımlının relyefi, coğrafi mövqeyi hələlik bu rayona dövlət büdcəsindən dəstəyin göstərilməsini zəruri edir. Amma gələcəkdə 5 rayonun gəlirləri xərclərindən çox olarsa, həmin rayonlar da öz gəlirləri hesabına xərclərini qarşılayacaq".
Büdcədən vəsait alacaq 5 rayonun 4-ü Qarabağ və Şərqi Zəngəzurda yerləşir
Qeyd edək ki, "Azərbaycanın 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, gələn ilin dövlət büdcəsindən Yardımlı 1,3 milyon manat, Kəlbəcər 1,1 milyon manat, Xocavənd 1 milyon manat, Xocalı 0,99 milyon manat, Cəbrayıl 0,68 milyon manat vəsait ala biləcək. Gələn il büdcədən vəsait alacaq 5 rayonun 4-ü Qarabağ və Şərqi Zəngəzurda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Bu il isə dövlət büdcəsindən cəmi 7 rayona maliyyə vəsaiti ayrılıb.
Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Maliyyə Nazirliyinin məlumatına görə, gələn il büdcə gəlirlərinin 38,3 milyard manat, xərclərinin isə 41,3 milyard manat olacağı gözlənilir. Bu, 2024-cü ilin təsdiq olunmuş gəlir və xərc proqnozlarına nisbətən müvafiq olaraq 5,3 faiz və 4,1 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.