CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanı ittiham edənlər dünyada atmosferə ən çox karbon tullantısı atanlardır-Deputat

Komitə sədri bildirib ki, qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik.
Sputnik
BAKI, 1 noyabr— Sputnik. "Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında bildirib.
Komitə sədri bildirib ki, qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik:

"Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əliylə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar. Biz COP və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük. Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa İttifaqından ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan Azərbaycan qazını söndürüb soyuqdan dona bilərlər. Lakin enerji inhisarçılarının "BP", "Şevron", "Exxon Mobil" və "Total"ın fəaliyyətini dayandırmağa gücləri çatmaz".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib:
"Unutmayaq ki, 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ölkəmizdə neft əvəzinə günəş və külək enerjisi olmasın deyə, küçə və meydanlara çıxan yoxdur. Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, "Yaşıl Azərbaycan" kursundan çəkindirməyə çalışanlar bütün yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı, Qarabağ hadisələri də ekoloji mənbədən - Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü".

"Biz azad torpaqlarda yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun. İqlim sammitini sülh zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir", - deyə komitə sədri əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.