RUSİYA

Peskov: Kreml məktəblərdə hicabla bağlı müzakirələrə qarışmır

Ötən həftə Rusiyanın Vladimir vilayətində məktəblərdə hicab və dini kimliyi vurğulayan digər geyimlərin geyinilməsinin qadağan edildiyi məlum olub.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. "Hər bir region öz səlahiyyətlərini həyata keçirir. Biz bu müzakirədə iştirak etmirik". AİF xəbər verir ki, bu sözlərlə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Kremlin Vladimir vilayətində tətbiq edilən məktəblərdə dini geyimlərin geyinilməsinə qoyulan qadağa ətrafında müzakirələrdə iştirak etməməsi ilə bağlı açıqlama verib.
Xatırladaq ki, ötən həftə Rusiyanın Vladimir vilayətində məktəblərdə hicab və dini kimliyi vurğulayan digər geyimlərin geyinilməsinin qadağan edildiyi məlum olub.
Daha sonra deputat Adam Delimxanov Vladimir vilayətindəki məktəblərdə hicab taxmağı qadağan edən qərara yenidən baxmaq niyyətində olduğunu açıqlayıb.

"Şübhə yoxdur ki, biz bu qadağanın aradan qaldırılmasına nail olacağıq və müsəlmanların hüquqlarını tam şəkildə müdafiə edəcəyik", – o, özünün "Telegram" kanalında yazıb.

Delimxanovun sözlərinə görə, bu məsələ deputatlarla görüşdə müzakirə olunub. Millət vəkili hicab qadağasını dini etiqad azadlığı sahəsində Konstitusiyanın pozulması adlandırıb. O izah edib ki, hicab niqab kimi üzü örtmür.

"Biz özümüz niqabı bəyənmirik, lakin hicaba gəlincə, bu müsəlman qadının dini borcudur", - deputat vurğulayıb.

Daha əvvəl bildirilib ki, Rusiyanın Vladimir vilayətində regionun Təhsil və Gənclər Siyasəti Nazirliyinin əmri ilə şagirdlərin məktəblərdə hicab, niqab və onların dini kimliyini vurğulayan hər hansı digər geyim geyinməsi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.