BAKI, 31 oktyabr — Sputnik. Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərini noyabrın 9-dan başlayaraq əldə etmək olar.
COP29 Əməliyyat Şirkətindən bildirilib ki, geniş ictimaiyyət üçün açıq olacaq Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq.
Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı, həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək. Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs üçün açıq olan Yaşıl Zonaya giriş biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.
Qeyd edək ki, Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər gün üçün və həmin günlərin müxtəlif saatları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən buraxılacaq.
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə etmək, aidiyyəti sualları isə ticketing@cop29.az ünvanına yönləndirmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.