BAKI, 31 oktyabr — Sputnik. Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır. Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarında sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək. Sputnik Azərbaycan bər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.
COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
Qeyd edək ki, Bakıda yollarda çəkilən COP29 loqoları avtobus zolaqlarıdır. COP29 Əməliyyat şirkətinin nəqliyyat və hava limanı əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu mətbuata açıqlamasında bildirib ki, COP29 zolaqları avtobus zolaqlarından hansısa meyarına və statusuna görə fərqlənmir.
"Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Noyabrdan etibarən bu zolaqlarda COP29 üçün nəzərdə tutulan avtobusların, xüsusi taksilərin və avtomobillərin istifadəsi nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerlərin istifadəsi planlaşdırılır. İcazə vərəqələrinin növbəti ay ərzində verilməsi nəzərdə tutulur", - O.Mahmudlu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.