BAKI, 31 oktyabr — Sputnik. Bakıda 8 Noyabr prospektindəki velosiped zolağı da daxil olmaqla 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması hədəflənir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
Şöbə müdiri bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.
"Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin (velosiped və skuter zolaqları) qurulmasını növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Layihələndirmə zamanı prioritetləşdirmə piyadalar, velosipedçilər və ictimai nəqliyyat ardıcıllığı ilə müəyyən olunur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.