CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq - VİDEO

Anar Zeynalov bildirib ki, tullantıları ümumi tullantılar, qida tullantıları, qablaşmaların tullantıları və digər ümumi əşyaların tullantısı kimi çeşidləyirik. Bunlar çeşidlənir, təkrar emala göndərilir və aidiyyəti qurumlara təhvil verilir.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. "COP29-un keçiriləcəyi Bakı Stadionu ərazisində 4 mətbəx fəaliyyət göstərir". Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, stadion ərazisində 56 yeni kafe və restoran yenidən qurulub: "Bunların 30-dan çoxu coffeeshop və qida satışı nöqtələri, ikisi böyük restorandır. Restoranlardan birində milli mətbəx, digərində isə dünya mətbəxi təamları olacaq. 56 qida satışı nöqtəsi bütün zonaları əhatə edir. Ümumilikdə, bir saatda 6 mindən çox qonağa xidmət etmək mümkün olacaq".

"Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq. Tullantıları ümumi tullantılar, qida tullantıları, qablaşmaların tullantıları və digər ümumi əşyaların tullantısı kimi çeşidləyirik. Bunlar çeşidlənir, təkrar emala göndərilir və aidiyyəti qurumlara təhvil verilir. Eyni zamanda, qida tullantılarını xüsusi avadanlıqlarla 24 saat ərzində yenidən təkrar emala göndəririk və onlardan aldığımız gübrələri "Bakı Abadlıq Xidməti" MMC-yə təhvil veririk. Bu gübrələrdən parkların salınmasında və digər məqsədlərdə istifadə edirlər", - A.Zeynalov bildirib.

Onun sözlərinə görə, ketrinq komandası, podratçı şirkətlər və qida satış nöqtələrində işləyənlərin sayı 1200-dən çoxdur. Ümumiyyətlə, qida ilə təmasda olan əməkdaşların hamısı tibbi müayinələrdən keçirilib.
COP29 nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.