CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"8-ci km" bazarı ətrafındakı obyektlər niyə sökülür? Foto

"8-ci km bazarı" ətrafında yaranan vəziyyət sahibkarları narazı salsa da, Nizami rayon İcra Hakimiyyəti qərarında israrlıdır.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında yerləşən obyektlər sökülüb. Bu barədə Sputnik Azərbaycan-a sözügedən ərazidə ticarətlə məşğul olanlar məlumat verib. Bildiriblər ki, obyektlər sökülərkən onlara heç bir xəbərdarlıq edilməyib.
"Biz illərdir burada ticarətlə məşğul oluruq. Hər ay bu obyektlərə görə icarə haqqı ödəmişik. Obyektləri demək olar ki, özümüz qurmuşuq. Bütün materiallarını öz cibimizdən almışıq. Mismarından "reykasına" (taxta profillər-red.) qədər öz pulumuzla alınıb. Amma indi gəlib obyektləri uçurdurlar ki, bura ticarət yeri deyil" - sahibkarlar bildiriblər.
Onların sözlərinə görə, obyektlərin sökülməsi ölkəmizdə keçiriləcək COP29 iqlim konfransı ilə əlaqələndirilib. Sahibkarlara bildirilib ki, obyektlər görünüşə xələl gətirir, küçə ticarəti funksiyası daşıyır.
Bakıda “Vosmoy bazarı” kimi tanınan ərazidə aparılan söküntü işləri
"Bizə deyiblər ki, bir ay gözləyin, sizə yer veriləcək. Amma buna inanmırıq. Tutaq ki, bir ay sonra bizi obyektlə təmin edəcəklər. Bəs bizə dəyən zərəri kim ödəyəcək? Bu bir ay ərzində ailəmizə çörəyi haradan aparaq? Burada işləyənlərin hərəsi bir ailə başçısıdır. Ailələrimiz buradan evə apardığımız pulla dolanır. İndi pis vəziyyətdə qalmışıq" - sahibkarlar şikayətləniblər.
Onlar bildiriblər ki, aldıqları mal əllərində qalıb və onu harada satacaqlarını bilmirlər:
"Əvvəldən xəbərdarlıq etsəydilər, əlimizdəki malları mağazalara paylayardıq. Yaxud başqa yerdə icarəyə obyekt götürərdik. Dünən mal vuranlar var. Hamımız ziyandayıq. Geyimlər üçün aldığımız kapron manikenlər də dağıntılar altında qalıb. İmkan vermədilər ki, onları götürək".
Sputnik Azərbaycan obyektlərin sökülməsinin səbəbini araşdırıb. "8-ci km" Ticarət Mərkəzinin rəhbərliyi bildirib ki, sözügedən ərazinin ticarət mərkəzinə aidiyyatı yoxdur. Həmin ərazi Naxçıvani küçəsinə düşdüyündən, məsələyə rayon icra hakimiyyəti münasibət bildirə bilər.
Nizami Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavabda bildirilib ki, həmin ərazidə küçə ticarəti olduğundan söküntü işləri aparılıb.
Bakıda “Vosmoy bazarı” kimi tanınan ərazidə aparılan söküntü işləri
""8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görülür. Qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur" - İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan agentliyimizə bildirilib.
İcra hakimiyyəti onu da əlavə edib ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib.