DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan Prezidenti Dövlət Himninin dəyişdirilməsi ideyasını dəstəkləyib

Respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan bəri Qırğızıstan dövlət kimi tam formalaşıb.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Qırğızıstan Prezidenti Sadır Japarov respublika parlamentinin spikeri Nurlanbek Şakiyevin Dövlət Himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.
Qırğızıstan lideri Sadır Japarov bunu "Kabar" dövlət informasiya agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan bəri Qırğızıstan dövlət kimi tam formalaşıb. "İndi isə gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazılmalıdır" - Prezident bildirib.
Qeyd edək ki, bir müddət öncə Qırğızıstan parlamentinin spikeri ölkənin Ticarət və Sənaye Palatasının 65 illik yubileyi münasibətilə keçirilən iclasda Dövlət Himninin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. O, eyni zamanda, bir neçə ay əvvəl Dövlət Bayrağının dizaynını dəyişdirilməsi ideyasının da müəllifi olub.
Qırğızıstanın Dövlət Himni 1992-ci il dekabrın 18-də respublika parlamenti tərəfindən təsdiq edilib. Əvvəlcə üç bənddən ibarət himnin ikinci bəndi 2012-ci ildə çıxarılıb.