Külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlar həbs edilib
Hazırda mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
SputnikBAKI, 30 oktyabr — Sputnik. Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə "Local Garden" və "Organik Lojistik" MMC-lər tərəfindən ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 101,9 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə Xələfov Ramil Rafiq oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Baqişev Tamerlan Arif oğlu tərəfindən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 32.4,308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) maddələri ilə başlanmış cinayət işi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Hacıyev Elgiz Xanoğlan oğlu tərəfindən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Katelen Qrup", "Boqra-2021", "Harris-SS" MMC, "Konte TT" və "SS-Promo Group" MMC-lər tərəfindən ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Zeynalov Fariz Əbülfət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Habelə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə "Altuntel-S" MMC tərəfindən ümumilikdə 193 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 329 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Seyidov Mirsalam Mirəziz oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və hazırda məhkəmə baxışında olan başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Xatırladaq ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
İxrac olunan malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi ixrac olunan mallar barədə məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir.
İqtisadi Şuranın iclası keçirilib
10 oktyabrda Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. İclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək "Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları", ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati və cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.
Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış ediblər.
Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.