BAKI, 30 oktyabr — Sputnik. Erməni tərəfinin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək qərarına sülh müqaviləsi üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş təsir göstərə bilər. Bunu Ermənistanın baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.
Bundan əvvəl Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyana noyabrın 11-22-də Bakıda keçiriləcək beynəlxalq iqlim konfransında iştirak etmək üçün dəvət alıb.
Sammitdə iştirak qərarına hansı halların təsir göstərə biləcəyi sualını cavablandıran Arutyunyan bildirib ki, belə hallar çoxdur.
"O cümlədən, sülh müqaviləsi çərçivəsində ciddi irəliləyiş", - Arutyunyan bildirib.
Aparat rəhbəri ilkin şərtlərlə bağlı danışmaq istəmədiyini bildirib. "İstənilən danışıqlar zamanı ilkin şərt qoyulanda bu, yaxşı heç nəyə gətirib çıxarmır", Arutyunyan vurğulayıb. Eyni zamanda, o əlavə edib ki, Ermənistan tərəfi sülh müqaviləsinin razılaşdırılmamış bəndlərinin uzlaşdırılması üçün imkanlar görür.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. 2023-cü il may ayının sonunda Paşinyan bəyan etdi ki, İrəvan Azərbaycanın Sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.