CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin utilizasiyasına başlanıldı: Köhnəni gətir, təzəni götür - Foto+Video

Xəyal Əzizli bildirib ki, həyətində köhnə maşını olan insanlara avtomobillərini aparıb utilizasiyaya verməyi tövsiyyə edir.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Şəhər" ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, artıq bir nəfər öz avtomobilini utilizasiyaya təqdim edib.
Sputnik Azərbaycan utilizasiya prosesinin prosedurunu araşdırmaq üçün ölkəmizdə avtomobilini utilizasiyaya təqdim edən həmin şəxslə, Xəyal Əzizli ilə həmsöhbət olub.
Avtomobilini utilizasiyaya təqdim edən Xəyal Əzizli
Avtomobilinizi utilizasiyaya necə təqdim edə bilərsiniz?
Xəyal Əzizli Sputnik Azərbaycan-ın oxucularına utilizasiya prosedurunu belə izah edib:
"1986-cı ilin istehsalı olan "Volkswagen Getta" markalı avtomobilim vardı. İllər idi ki, bu maşın həyətdə qalmışdı. İşləmədiyindən həyətdə yer tuturdu. Bilmirdim ki, bu maşını nə edim. Sonra utilizasiya proqramı haqqında eşitdim. Fikirləşdim ki, bu avtomobil həyətdə qalınca onu utilizasiyaya təqdim edim. Maraqlandım, öyrəndim ki, utilizasiya üçün "Fors" MMC adlı qurum var, ora müraciət edərək qeydiyyatdan keçməliyəm. Zabrat ərazisində yerləşən "Fors" MMC-nin ofisinə yaxınlaşdım. Orada mənə utilizasiya prosesini izah etdilər. Utilizasiya üçün avtomobilin sənədlərini, yəni maşının texniki pasportunu, nömrəsini götürüb Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) yaxınlaşdım. BDYPİ-də mənə avtomobilimi dövlət qeydiyyatından çıxardılması üçün ərizə yazdırdılar. Oradan avtomobilimi dövlət qeydiyyatından çıxartdığımı təsdiq edən sənədləri götürüb "Fors" MMC-yə təqdim etdilər", - deyə Xəyal Əzizli bildirib.
İki variantınız var!
Onun sözlərinə görə, "Fors" MMC-dən ona iki variant təklif olunub: "Höhnə avtomobilimin əvəzinə Azərbaycan istehsalı olan "Xəzər" avtomobili almaq üçün 1500 manatlıq vauçer təklif etdilər. Bildirdilər ki, yaxud da avtomobilin əvəzinə 1050 nağd pul verilə bilər. Mən də nağd pulu seçdim. Sənədlərimi və avtomobilimi götürdülər, bildirdilər ki, pul hesabıma köçülüləcək".
Avtomobilini utilizasiyaya təqdim edən Xəyal Əzizli
X. Əzizli deyir ki, avtomobilini utilizasiyaya verərkən heç bir xərci çıxmayıb.
"Ona görə də həyətində köhnə maşını olan insanlara tövsiyyə edirəm avtomobillərini aparıb utilizasiyaya versinlər", deyə müsahimizib bildirib.
Utilizasiya fəaliyyətinə hələki bir şirkət cəlb olunub
"Təmiz Şəhər" ASC-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən "Fors" MMC nəqliyyat vasitələrinin utilizatorlarının reyestrində qeydiyyata alınmış, utilizasiya məqsədi ilə nəqliyyat vasitəsini təhvil verən vətəndaşa ilk təsdiqedici sənəd təqdim olunub.
Prosedur necədir?
Qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini utilizatora təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.
Avtomobilini utilizasiyaya təqdim edən Xəyal Əzizli
Azərbaycanda hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir!
Məlumatda o da bildirilib ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
Utilizasiya üçün "qızıl"məsləhətlər...
Xatırladaq ki, şəxs nəqliyyat vasitəsini öz arzusu ilə istənilən vaxt utilizasiyaya verə bilər. Ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Həmçinin istənilən nəqliyyat vasitəsi (yeni, köhnə, qəzalı, tam yararlı və s.) texniki vəziyyətindən asılı olmayaraq utilizasiyaya verilə bilər. Bunun üçün əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Avtomobilin uçotdan çıxardılması üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan aidiyyəti orqana müraciət edilməlidir. Nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarmazdan və utilizatora verməzdən əvvəl seçdiyiniz utilizatorda növbə tutmağınız məqsədəuyğundur. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştlə (endirimlə) əldə etmək, yaxud müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş almaq mümkündür.
Güzəşt xarici istehsal olan və ya yeni olmayan nəqliyyat vasitələrinə tətbiq olunmur. Güzəştdən istifadə edə bilmək üçün satın alınan nəqliyyat vasitəsi yerli istehsal olunmuş və yeni nəqliyyat vasitəsi olmalıdır. Güzəşt məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 61 nömrəli qərarı ilə nəqliyyat vasitələrinin təsnifatı üzrə müəyyən edilib. Hazırda təsnifata uyğun olaraq bu məbləğlər minimum 200 manat, maksimum isə 3000 manat təşkil edir. Alacağınız yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi üçün bir neçə təsdiqedici sənədi birlikdə təqdim edərək güzəşt məbləğlərini cəmləyə bilərsiniz. Nəzərə alın ki, güzəşt məbləğlərinin cəmi alacağınız nəqliyyat vasitəsinin satış dəyərindən çox olarsa, arada qalan fərq sizə ödənilməyəcəkdir. Birdəfəlik ödənişin məbləği nəqliyyat vasitələrinin təsnifatı üzrə müəyyən edilmiş müvafiq güzəşt məbləğinin 70%-i həcmində müəyyən edilib.
Avtomobilini utilizasiyaya təqdim edən Xəyal Əzizli