PAYTAXT XƏBƏRLƏRİ

Yolda təhlükəyə səbəb olan qaya daşı parçalanaraq ərazidən uzaqlaşdırılacaq - Əli Əliyev

Mütəxəssis bildirib ki, yolla bu qırılmanın arasında 140 metr məsafə var.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. "Hazırda qaya parçasının qırıldığı ərazidə təhlükəli vəziyyət yoxdur. Qırılıb düşmüş bir blok var. Biz onu parçalayaraq ərazidən uzaqlaşdıracağıq".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçalarının qırılması ilə bağlı son vəziyyəti şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
Ə. Əliyev deyib ki, ərazidəki çıxıntılı daşlardan birinin qırılması belə bir hadisəyə səbəb olub.
"Buranı görənlər bilir ki, çıxıntı daşlar var. Onlardan biri, 6 metr uzunluğunda olan qaya parçasından50 sm qırılıb. Biz həmin qaya parçasını parçalayırıq ki, təhlükə yaratmasın", deyə Ə. Əliyev söyləyib.
O, yağışların bu prosesə təsir etdiyini söyləyib. O ki, qaldı qaya parçasının Bakı Kənar Dairəvi avtomobil yolunda hərəkətə təhlükə yaradıb-yaratmamasına, Ə. Əliyev elə bir təhlükə olmadığını söyləyib. Bildirib ki, yolla bu qırılmanın arasında 140 metr məsafə var.
Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yol açqıdır.
Qaya parçasının qırılıb düşdüyü yolda son vəziyyət
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.